Bitki çayları sağlam içki kimi tanınsa da, onların hər kəs üçün təhlükəsiz olduğu fikri həmişə özünü doğrultmur. Foodinfo.az Radio 1-ə istinadən xəbər verir ki, dietoloq Natalya Pavlyuk bəzi bitki çaylarının dərman preparatları ilə uyğun gəlmədiyini bildirib. Mütəxəssisin sözlərinə görə, əsas risk bitkilərin özündən deyil, onların dərmanlarla qarşılıqlı təsirindən qaynaqlanır. Bu problem xüsusilə xroniki xəstəlikləri olan insanlar və yaşlılar üçün daha aktual hesab olunur.

Pavlyuk qeyd edib ki, insan nə qədər çox dərman qəbul edirsə, bitki çaylarına qarşı bir o qədər ehtiyatlı olmalıdır. Onun sözlərinə görə, xüsusilə dazıotu və biloba tərkibli çaylar bəzi preparatların təsirini zəiflədə və ya gücləndirə bilər. Dietoloq vurğulayıb ki, bu cür qarşılıqlı təsirlər gözlənilməz sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər bitki çaylarından müntəzəm istifadə edən şəxslərə həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

Digər dietoloq Yelena Solomatina isə çay seçiminə xüsusi diqqət yetirilməli olduğunu bildirib. Onun fikrincə, tanınmış və etibarlı istehsalçıların məhsullarına üstünlük verilməlidir. Solomatina qeyd edib ki, bu halda çay yarpaqlarının harada və hansı şəraitdə toplandığını bilmək mümkün olur. Mütəxəssis əlavə edib ki, yarpaqları xırdalanmış və ya qablaşdırmada naməlum qumabənzər hissəciklər olan çaylardan imtina etmək daha məqsədəuyğundur.