Qırışların yaranması təbii proses olsa da, bəzi vərdişlər və xarici amillər dərinin daha tez qocalmasına səbəb olur. Foodinfo.az bildirir ki, bu barədə kosmetoloq, beynəlxalq ekspert Anastasiya Razbejkina açıqlama verib. Mütəxəssis dərinin gəncliyini təhlükə altına alan beş əsas faktoru xüsusi vurğulayıb.

Onun sözlərinə görə, ilk və ən təhlükəli amil fotoyaşlanmadır. Ultrabənövşəyi şüalar kollageni, elastini və hialuron turşusunu parçalayaraq dərinin elastikliyini azaldır. İkinci faktor xronoyaşlanma hesab olunur ki, bu zaman yaş artdıqca maddələr mübadiləsi və kollagen sintezi təbii olaraq zəifləyir.

Üçüncü səbəb aktiv mimikadır. Üz əzələlərinin tez-tez yığılması zamanla dərin mimik xətlərin formalaşmasına gətirib çıxarır. Dördüncü amil isə yuxu zamanı statik pozadır. Xüsusilə üzü yastığa sıxaraq yan və ya üzüüstə yatmaq dəridə “qırış izləri”nin yaranmasına səbəb olur.

Beşinci və sonuncu təhlükə yanlış və ya həddindən artıq kosmetoloji müdaxilələrdir. Peşəkar olmayan şəkildə edilən dolğu və botoks prosedurları problemi daha da dərinləşdirə bilər. Kosmetoloq dərinin gənc qalması üçün SPF tərkibli qoruyucu kremlərdən mütəmadi istifadəni, düzgün nəmləndirməni və sağlam həyat tərzini tövsiyə edir. O, həmçinin kifayət qədər su içməyin, düzgün qidalanmanın və arxasıüstə, ortopedik yastıqda yatmağın vacibliyini xüsusi qeyd edib.