Qış aylarında daha çox yemək və az hərəkət etmək istəyi əksər insanlarda müşahidə olunur. Foodinfo.az bildirir ki, həkim-diyetoloq Nataliya Denisovanın sözlərinə görə, bu hal orqanizmin soyuq mövsümə qarşı verdiyi təbii qoruyucu reaksiyadır. Mütəxəssis bu barədə aif.ru-ya açıqlamasında danışıb.
Diyetoloq bildirib ki, havalar soyuduqda bədən temperaturunun qorunması və infeksiyalara qarşı mübarizə aparmaq üçün orqanizm daha çox enerji sərf edir. Bu səbəbdən qış mövsümündə enerji tələbatı orta hesabla 15 faiz artır. Onun sözlərinə görə, məhz bu ehtiyac insanlarda iştahanın yüksəlməsi ilə özünü göstərir.
Nataliya Denisova əlavə edib ki, günəş işığının azalması maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Eyni zamanda serotoninin – “xoşbəxtlik hormonu”nun ifrazı azalır ki, bu da əhval-ruhiyyənin pisləşməsi və tez yorulma ilə nəticələnir. Bu vəziyyətdə insanlar daha çox yeməyə meyilli olurlar.
Mütəxəssis qış rasionunun kaloriliyini bir qədər artırmağın mümkün olduğunu, lakin bunun düzgün şəkildə edilməsinin vacib olduğunu vurğulayıb. O, kalorinin əsasən şirniyyat və un məmulatları hesabına artırılmasını məsləhət görmür. Dietoloqun fikrincə, qış aylarında balanslı qidalanma, zülal, faydalı yağlar və vitaminlərlə zəngin məhsullara üstünlük vermək sağlamlığın qorunması üçün daha məqsədəuyğundur.






