Yaş artdıqca sağlamlığa təsir edən risk faktorları da dəyişir və bəzən ən adi vərdişlər ciddi fəsadlara yol aça bilir. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, alimlər uzun müddət oturaq vəziyyətdə qalmağın yaşlı insanlarda diabet riskini əhəmiyyətli dərəcədə artırdığını açıqlayıblar.
Araşdırmada qeyd olunur ki, saatlarla oturmaq sağlamlıq üçün zərərli təsir göstərir və bunun nə ilə məşğul olmağın fərqi yoxdur. Televizora baxmaq, kitab oxumaq və ya planşetdən istifadə etmək eyni dərəcədə risk yaradır.
Beynəlxalq tədqiqat qrupu 60 yaşdan yuxarı 82 mindən çox insanın iştirak etdiyi 28 araşdırmanın nəticələrini təhlil edib. Nəticələr göstərib ki, uzun müddət hərəkətsiz qalmaq qanda şəkər və xolesterinin səviyyəsini artırır.
Eyni zamanda iştirakçıların bel çevrəsinin böyüdüyü və arterial təzyiqin yüksəldiyi müşahidə olunub. Diqqətçəkən məqam isə bu mənfi təsirlərin mütəmadi fiziki hərəkət edən insanlarda belə qeydə alınmasıdır.
Alimlər bildirirlər ki, milyonlarla insan fərqində olmadan hər gün ürək tutması, insult və diabet riskini yüksəldir. Bu təhlükə xüsusilə yaşlılar üçün daha ciddi hesab olunur.
Tədqiqatçılar vurğulayır ki, uzun müddət oturmaq zahirən sağlam görünən və hər hansı xəstəliyi diaqnoz qoyulmamış şəxslərdə belə mənfi nəticələr yarada bilər.
Mütəxəssislərin fikrincə, riskin azaldılması üçün gün ərzində tez-tez qalxmaq, qısa gəzintilər etmək və hərəkəti artırmaq vacibdir.
Alimlər yaşlı insanlara gündəlik rejimdə sadə, lakin davamlı hərəkətin sağlamlığın qorunmasında mühüm rol oynadığını bir daha xatırladırlar.






