Soyuqdəymə zamanı insanlar adətən müalicə qaydalarına ciddi əməl etsələr də, bir çoxu vacib bir detalı diqqətdən kənarda saxlayır. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, stomatoloq-terapevt Anastasiya Çernəşey soyuqdəymədən sonra diş fırçasını dəyişməməyin yenidən yoluxma riskini artıra biləcəyini bildirib. Mütəxəssisin sözlərinə görə, soyuqdəymə, qrip və digər virus infeksiyaları zamanı ağız boşluğunda çoxlu sayda zərərli mikroorqanizmlər toplanır.
Bu mikroorqanizmlərə viruslar, bakteriyalar və göbələklər daxildir. Dişlər fırçalanarkən həmin mikroblar diş fırçasının tüklərinə keçir. Nəticədə diş fırçası bakteriyaların uzun müddət qalması və çoxalması üçün əlverişli mühitə çevrilir. Həkim qeyd edib ki, bu vəziyyət təkcə xəstəlikdən yeni sağalmış insan üçün deyil, ailə üzvləri üçün də təhlükə yarada bilər. Xüsusilə diş fırçaları eyni qabda saxlanıldıqda yoluxma riski daha da artır.
Stomatoloq hər bir soyuqdəymə, angina, qrip və ya bağırsaq infeksiyasından sonra diş fırçasının dəyişdirilməsini tövsiyə edib. Onun sözlərinə görə, xəstələnmiş ailə üzvləri üçün də bu qaydaya əməl olunmalıdır. Həkim diş fırçalarının bir-biri ilə təmas etməməsi üçün fərdi stəkan və ya saxlayıcılardan istifadə etməyi məsləhət görüb. Bundan əlavə, xəstəlik dövründə ağız gigiyenasına daha diqqətli yanaşmaq vacib sayılır. Mütəxəssis yumşaq diş fırçası ilə ehtiyatlı təmizləmə texnikasının və vaxtında ağız yaxalayıcılarından istifadənin diş əti iltihabının azalmasına kömək etdiyini bildirib.






