Son dövrlər sağlam qidalanma və arıqlama mövzularına marağın artması badamın da populyarlığını yüksəldib. Badam birbaşa arıqladan vasitə olmasa da, düzgün porsiya və müntəzəm istifadəsi çəki idarəsində mühüm rol oynayır.
Foodinfo.az xəbər verir ki, badamın tərkibində olan sağlam yağlar, lif və zülal mədəni gec boşaldır və uzunmüddətli toxluq hissi yaradır. Bu xüsusiyyət gün ərzində daha az kalori qəbul etməyə səbəb olur və qəfil acma hissinin qarşısını alır.
Uzmanlar bildirirlər ki, badam həmçinin qan şəkərinin stabilləşməsinə kömək edir. Qan şəkərinin tənzimlənməsi isə şirniyyata və yüksək kalorili məhsullara olan meyli azaltmaqla arıqlama prosesinə dolayısı yolla təsir göstərir.
Bu çərəz yüksək kalorili çərəzlərdən biri olsa da, tərkibindəki yağların bir hissəsi həzm zamanı tam sorulmur. Bu da badamın realda qəbul edilən kalorinin düşündüyümüzdən daha aşağı olmasına səbəb olur.
Lakin mütəxəssislər xəbərdarlıq edir: porsiya norması aşılarsa, bu fayda aradan qalxır və əksinə, çəki artımına belə gətirib çıxardır.
Gündə 15–20 ədəd (təxminən 20–25 qram) badam qəbulunu məsləhət görülür. Bu miqdar həm toxluq yaradır, həm də kalori balansını pozmur. Bununla yanaşı, duzlu, şəkərli və ya qızardılmış badamın arıqlama prosesinə uyğun olmadığı, yalnız çiy və ya yüngül qovrulmuş badamın seçilməsinin daha məqsədəuyğun olduğu qeyd edilir.
Badam E vitamini, maqnezium və antioksidantlarla zəngin olduğu üçün təkcə arıqlamağa deyil, ürək sağlamlığına və ümumi bədən funksiyalarına da müsbət təsir göstərir.
Təkcə badam yeməklə arıqlamaq mümkün deyil. Lakin onu balanslı qidalanma, kifayət qədər su qəbulu və aktiv həyat tərzi ilə birləşdirmək arıqlama prosesinin daha səmərəli olmasına şərait yaradır.
Beləliklə, düzgün porsiya və doğru seçimlə istehlak edildikdə badam arıqlamaq istəyənlərin rasionunda faydalı və təsirli bir çərəz kimi mühüm yer tuta bilər.






