İspanaq sağlam qidalanmada tez-tez istifadə olunan, vitamin və minerallarla zəngin tərəvəzlərdən biridir. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, buna baxmayaraq, bəzi hallarda ispanağın qəbulu diqqət tələb edir.
Mütəxəssislərin sözlərinə görə, ispanağın tərkibində yüksək miqdarda oksalatlar — yəni şavel turşusu mövcuddur. Bu maddə artıq qəbul edildikdə kalsiumla birləşərək böyrəklərdə daş əmələ gəlməsinə səbəb ola bilər. Xüsusilə böyrək daşı, xroniki böyrək xəstəliyi olan şəxslərə ispanağı məhdud miqdarda yemək tövsiyə olunur.
Nadir hallarda olsa da, ispanaq allergik reaksiyalara səbəb ola bilər. Dəri qaşınması, səpki, dodaq və boğazda şişkinlik kimi əlamətlər müşahidə edilərsə, tərəvəzin qəbulu dayandırılmalı və həkimə müraciət olunmalıdır.
Bundan əlavə, ispanaq yüksək K vitamini ehtiva etdiyi üçün qan durulaşdırıcı dərmanlar qəbul edən şəxslərdə dərmanların təsirini azalda bilər. Bu səbəbdən belə hallarda rasion həkim məsləhəti ilə tənzimlənməlidir.
Mütəxəssislər vurğulayırlar ki, ispanaq düzgün və ölçülü istifadə edildikdə orqanizm üçün olduqca faydalıdır və sağlam qidalanmanın dəyərli hissəsi ola bilər.






