Son vaxtlar bəzi insanlar arıqlamaq və ya sağlam qidalanmaq məqsədilə rasiondan karbohidratları tam çıxarmağa çalışırlar. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, mürəkkəb karbohidratlardan imtina orqanizm üçün ciddi problemlərə səbəb ola bilər.

Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, dietoloq Natalya Mizinovanın sözlərinə görə, mürəkkəb karbohidratlar əsasən bitki mənşəli liflə zəngin qidalarda olur. Bu maddələr rasiondan çıxarıldıqda orqanizm eyni zamanda bağırsaq üçün vacib olan lifdən də məhrum qalır.

Mütəxəssis bildirir ki, lif çatışmazlığı bağırsaq mikroflorasının pozulmasına gətirib çıxara bilər. Bu isə qəbizlik, nizamsız nəcis, köp, qarında ağırlıq hissi və hətta ürəkbulanma kimi narahatlıqlarla müşayiət oluna bilər.

Dietoloq vurğulayır ki, mürəkkəb karbohidratlar balanslı qidalanmanın əsas hissəsi olmalıdır. Onları tam çıxarmaq əvəzinə ölçülü şəkildə qəbul etmək daha doğru yanaşmadır. Lazımi maddələri tam taxıllı çörək, eləcə də az işlənmiş məhsullar – məsələn, banan və kartof kimi qidalardan almaq mümkündür.