Brokolinin əksər hallarda zibilə atılan saplaqları əslində çiçək hissəsi qədər faydalı hesab olunur. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, RBK-Ukrayna və Verywell Health saytlarının məlumatına görə, brokoli saplaqları lif, C vitamini, kalium və antioksidant maddələrlə zəngindir.
Mütəxəssislər bildirir ki, brokoli çiçəklərdən və saplaqlardan ibarətdir və insanların çoxu yalnız çiçəkləri istehlak edir. Lakin saplaqlar da orqanizm üçün mühüm qida maddələri ehtiva edir. Bitkinin dayağı olan bu hissə qida tərkibinə görə bəzi fərqlərə malikdir.
Araşdırmalar göstərir ki, brokoli saplaqlarında çiçəklərlə müqayisədə daha çox lif mövcuddur. Xüsusilə həll olunmayan lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır və müntəzəm həzmi təmin edir. Bu isə bağırsaq mikroflorasının sağlam qalmasına müsbət təsir göstərir.
Bununla yanaşı, brokoli saplaqları kalium və kalsium baxımından da daha zəngin hesab olunur. Çiçək hissəsində isə C vitamini, K vitamini, fol turşusu və faydalı bitki mənşəli maddələr daha çoxdur. Mütəxəssislər vurğulayır ki, saplaqlar çiçəklərdən daha faydalı deyil, lakin sağlam qidalanma üçün hər iki hissədən istifadə etmək tövsiyə olunur.
Qida dəyərindəki fərqlər böyük olmadığından, həm saplaqların, həm də çiçəklərin birlikdə istehlakı ərzaq israfının azalmasına və faydalı maddələrin daha çox qəbuluna kömək edir.
Brokoli saplaqları bərk olduqda, bişirməzdən əvvəl xarici lifli qabığı soymaq məsləhətdir. Bu zaman onlar daha tez yumşalır. Saplaqlar şorbalara əlavə oluna, suda bişirilərək püre və ya krem şorba üçün istifadə edilə bilər. Həmçinin xırda doğranmış halda salatlara qatılaraq çiy şəkildə də istehlak oluna bilər.






