Soyuqdəymə mövsümündə orqanizmə diqqət daha da ön plana çıxır. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, Championat.com-un məlumatına görə, isti geyim və isti çayla yanaşı, gündəlik qida rasionuna da yenidən baxmaq vacibdir.
Mütəxəssislər bildirirlər ki, immun sisteminin güclənməsi üçün birdəfəlik alışlar deyil, davamlı və düzgün qidalanma sistemi əsas rol oynayır. Bu baxımdan hər gün rasiona müxtəlif rəngli tərəvəz və meyvələr daxil edilməlidir. Gün ərzində azı üç porsiya tərəvəz və meyvə qəbul edilməsi orqanizmi vitaminlər və qoruyucu maddələrlə təmin edir.
Bundan əlavə, yağlı balıqların həftədə iki-üç dəfə yeyilməsi tövsiyə olunur. Belə balıqlar D vitamini ilə yanaşı, iltihabi prosesləri zəiflədən faydalı yağ maddələri ilə zəngindir. İmmun hüceyrələrinin normal fəaliyyəti üçün kifayət qədər zülal qəbulu da mühüm sayılır. Bu məqsədlə ət, balıq, quş əti və paxlalı bitkilər rasionda mütəmadi yer almalıdır.
Mütəxəssislər immun gücləndirici təsiri olan ədviyyatlara da diqqət yetirməyi məsləhət görürlər. Zəncəfil, sarıkök və sarımsaq orqanizmin müdafiə mexanizmlərini fəallaşdırmağa kömək edir. Eyni zamanda, yüksək dərəcədə emal olunmuş və şəkər tərkibli məhsulların istifadəsi məhdudlaşdırılmalıdır. Bu cür qidalar immun sistemini zəiflədə bilər.
Qeyd olunur ki, sadalanan məhsulların müntəzəm şəkildə qida rasionuna daxil edilməsi soyuqdəymə viruslarına qarşı etibarlı qida bazası formalaşdırır. Belə rasion orqanizmin iltihabi proseslərə daha tez cavab verməsinə şərait yaradır. Mütəxəssislər vurğulayırlar ki, düzgün qidalanma ilə yanaşı, sağlam həyat tərzi də unudulmamalıdır. Kifayət qədər yuxu, fiziki fəallıq və stressin idarə olunması immun sağlamlığının qorunmasında mühüm rol oynayır.






