Qəhvəyi mərmər bağacığının xüsusiyyətlərinə uyğun olaraq hazırda onlar qışlama dövrü keçirir. Bu fürsətdən də istifadə edərək qəhvəyi mərmər bağacığının daha çox yayıldığı və geniş vüsət aldığı Balakən, Zaqatala, Qax rayonlarında Kənd Təsərrüfatı Nazirliyi (KTN), Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyətlərinin əməkdaşları birgə olaraq həmin bağacığa qarşı lazımi tədbirlər həyata keçirir. Bir sözlə, Azərbaycanda qəhvəyi mərmər bağacığı ilə mübarizədə dövlət tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.
Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində AQTA sədri Qoşqar Təhməzli deyib.
AQTA sədri 2026-cı ildə də qəhvəyi mərmər bağacığı ilə mübarizənin aktual olacağını vurğulayıb. Bu bağacığın ölkəmizə qonşu dövlətlərdən gəldiyini xatırladan agentlik sədri onun 300-dən çox bitki növü ilə qidalandığını və bunun da bağacığın inkişafı üçün münbit şərait yaratdığını vurğulayıb: "Qəhvəyi mərmər bağacığına qarşı həm kimyəvi, həm bioloji, həm də mexaniki üsullarla mübarizə tədbirləri həyata keçirilir. Bağacıq hazırda bioloji xüsusiyyətinə görə qışlama dövründə olduğuna görə, ona qarşı mexaniki tədbirlər həyata keçirilir. Əgər bağacığa məhdudlaşmış hər hansı ərazilərdə rast gəlinirsə, o zaman müvafiq olaraq kimyəvi üsulla da mübarizə tədbirləri həyata keçirilir. KTN tərəfindən bioloji üsulla da mübarizə aparmaq üçün lazımi tədbirlər ardıcıl şəkildə icra olunur".






