Puer çayı haqqında illərdir müxtəlif fikirlər dolaşır. Bəzi insanlar bu içkinin insanı “çay sərxoşluğu” vəziyyətinə saldığını iddia edir. Halbuki mütəxəssislər bildirirlər ki, puer alkoqol kimi sərxoşluq yaratmır, sadəcə orqanizmə fərqli təsir göstərir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, Çin mədəniyyətində çay daha çox zehni aydınlaşdırmaq və düşüncəni toplamaq üçün istifadə olunur. “Çay sərxoşluğu” adlandırılan vəziyyət isə əslində rahatlıq, yüngül gümrahlıq və diqqətin artması ilə əlaqədardır. Bu təsir spirtli içkilərin yaratdığı vəziyyətlə eyni deyil.
Mütəxəssislərin sözlərinə görə, puer çayında olan kofein beyin fəaliyyətini stimullaşdırır. Eyni zamanda tərkibindəki antioksidantlar kofeinin təsirini daha yumşaq və uzunmüddətli edir. Çayın tərkibində olan teofillin orqanizmin oksigenlə təminatını yaxşılaşdırır, L-teanin isə sakitlik və zehni rahatlıq hissi yaradır.
Puer çayının digər mühüm xüsusiyyəti isə toksinlərin orqanizmdən xaric olunmasına kömək etməsidir. Bu səbəbdən bəzi hallarda alkoqol qəbulundan sonra da bu çaydan istifadə edilir. Bundan əlavə, puer çayının xolesterin və qan şəkərinin azalmasına, həzm sisteminin yaxşı işləməsinə və arıqlama prosesinə dəstək verdiyi bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, puer çayı asılılıq yaratmır. Lakin tərkibində kofein olduğu üçün onu həddindən artıq qəbul etmək yuxusuzluq, ürəkdöyünmə və əsəbilik kimi problemlərə səbəb ola bilər. Buna görə də çayın normada içilməsi tövsiyə olunur.






