Kələm dolması bir çox ailələrin sevimli yeməklərindən biridir. Şirəli içliklə doldurulmuş kələm yarpaqları həm gündəlik süfrələrin, həm də xüsusi məclislərin vazkeçilməz təamları sırasında yer alır. Mətbəx ustaları isə bildirirlər ki, bir neçə sadə üsul bu yeməyin dadını daha da zənginləşdirə bilər.

Foodinfo.az xarici mənbəyə istinadla xəbər verir ki, ideal kələm dolmasının hazırlanmasında ilk vacib məqam düzgün kələm seçimidir. Mütəxəssislər nazik və yumşaq yarpaqlara malik cavan kələmdən istifadə etməyi tövsiyə edirlər. Belə yarpaqlar bişmə zamanı formasını qoruyur, yumşaq qalır və içliyi rahat şəkildə bükməyə imkan verir. Yarpaqları ayırmazdan əvvəl kələmin bir neçə dəqiqə qaynar suda saxlanılması prosesi xeyli asanlaşdırır.

Kulinariya mütəxəssislərinin fikrincə, yalnız qiymədən istifadə etmək əvəzinə içliyi müxtəlif tərəvəz və göyərtilərlə zənginləşdirmək daha yaxşı nəticə verir. Qızardılmış soğan və kök, cəfəri, kərəviz, hətta göbələk və sürtgəcdən keçirilmiş pendir əlavə olunduqda dolma daha şirəli və aromatik alınır. Bəzi mətbəxlərdə balıq içliyi ilə hazırlanan kələm dolmalarına da rast gəlinir.

Yeməyin görünüşü də ən az dadı qədər önəmlidir. Mütəxəssislər kiçik ölçülü dolmaların həm daha zərif göründüyünü, həm də daha rahat yeyildiyini bildirirlər. Ənənəvi formalarla yanaşı, üçbucaq və ya kvadrat şəkildə bükülən dolmalar da süfrəyə fərqli görünüş qazandıra bilər.

Məqalədə diqqət çəkilən əsas məqamlardan biri isə dolmanın bişirildiyi sousdur. Adətən pomidor sousundan istifadə edilsə də, xama və qaymağın qarışığından hazırlanan sous dolmaya daha yumşaq və zərif dad verir. Bundan əlavə, soğan, kök, cəfəri kökü və kərəvizin pomidorla birlikdə qovrularaq sousa əlavə edilməsi yeməyin ləzzətini daha da artırır.

Mütəxəssislər dolmanın sobada bişirilməsini də məsləhət görürlər. Bunun üçün dolmalar sousla birlikdə bişirmə qabına düzülür, üzəri folqa ilə örtülərək sobaya yerləşdirilir. Bu üsul yeməyin qurumasının və yanmasının qarşısını alır.

Süfrəyə təqdimat zamanı isə xamadan hazırlanmış xüsusi sousdan istifadə etmək tövsiyə olunur. Xamaya bir qədər limon suyu, əzilmiş sarımsaq, duz və istiot əlavə edilərək hazırlanan sous kələm dolmasının dadını daha da zənginləşdirir. Mütəxəssislər bildirirlər ki, yeməyə sevgi və diqqətlə yanaşmaq ən sadə resepti belə xüsusi təama çevirə bilər.