Sinüzit burun ətrafında yerləşən və hava ilə dolu olan boşluqların – yəni sinusların iltihablaşmasıdır. Normal şəraitdə sinuslar selik ifraz edərək tənəffüs yollarını qoruyur. Lakin sinusların ağızları tutulduqda selik axını pozulur və nəticədə infeksiya yaranır.

Foodinfo.az xəbər verir ki, sinüzitin yaranmasına ən çox uzunmüddətli soyuqdəymə və qrip, allergik rinit, burun çəpərinin əyriliyi, burun polipləri və zəif immun sistemi səbəb olur. Bəzi hallarda diş kökü infeksiyaları da sinüzitin inkişafına təkan verə bilər.

Sinüzitin əsas əlamətləri sırasında burun tutulması, qatı və rəngli burun axıntısı, alın, yanaq və göz ətrafında ağrı və təzyiq hissi, baş ağrısı, qoxu hissinin zəifləməsi və ümumi halsızlıq yer alır. Xəstəlik zamanı ağrılar xüsusilə əyilərkən daha da arta bilər.

Sinüzitin davametmə müddəti bir neçə növə bölünür. Kəskin sinüzit adətən 10 günlə 4 həftə arasında davam edir. Yarımkəskin sinüzit 4–12 həftə, xroniki sinüzit isə 12 həftədən daha uzun müddət davam edə bilər. İl ərzində bir neçə dəfə təkrarlanan hallar isə təkrarlayan sinüzit adlandırılır.

Sinüzitin müalicəsi mütləq səbəbə uyğun aparılmalıdır. Burun yuyulması, sprey və damcılar, allergiya əleyhinə preparatlar, bəzi hallarda isə antibiotiklər tətbiq oluna bilər. Mütəxəssislər özbaşına müalicənin riskli olduğunu və əlamətlər uzun müddət keçmədikdə mütləq qulaq-burun-boğaz həkiminə müraciət edilməli olduğunu vurğulayırlar.

Vaxtında müalicə olunmayan sinüzit xroniki formaya keçə və ciddi fəsadlara səbəb ola bilər. Buna görə də xəstəliyin ilkin əlamətləri ortaya çıxdıqda diqqətli olmaq tövsiyə olunur.