Dodaqların sağlam və baxımlı görünməsi təkcə kosmetik vasitələrdən deyil, gündəlik vərdişlərdən və ümumi sağlamlıqdan asılıdır. Xüsusilə mövsüm dəyişiklikləri zamanı dodaqlarda quruluq, çatlama və rəng solğunluğu daha çox müşahidə olunur.

Foodinfo.az xəbər verir ki, sağlam dodaqların əsas sirri kifayət qədər su qəbuludur. Orqanizmdə su az olduqda dodaqlar bunu ilk hiss edən nahiyələrdən biri olur. Gün ərzində yetərli miqdarda su içmək dodaqların nəmlənməsinə kömək edir.

Həmçinin dodaqları yalamaq vərdişi də zərərli hesab olunur. Bu vərdiş müvəqqəti rahatlıq versə də, sonradan dodaqların daha çox qurumasına səbəb olur. Dodaqların qorunması üçün təbii tərkibli balzam və ya yağlardan istifadə tövsiyə edilir.

Qidalanma da dodaq sağlamlığında mühüm rol oynayır. B qrupu vitaminləri, dəmir və omeqa-3 çatışmazlığı dodaqlarda çatlama və solğunluq yarada bilər. Meyvə-tərəvəz, qoz-fındıq və balıq məhsullarının qida rasionuna daxil edilməsi bu problemi azaldır.

Günəşli və küləkli havalarda dodaqların xüsusi qorunmaya ehtiyacı olur. SPF tərkibli dodaq qoruyucularından istifadə dodaqları həm quruluqdan, həm də günəşin zərərli təsirindən qoruyur.