Hamiləlik dövründə qadın orqanizmində hormonal dəyişikliklər səbəbilə xolesterol səviyyəsində artım müşahidə oluna bilər. Bu artım müəyyən həddə qədər fizioloji hesab edilsə də, əvvəldən yüksək xolesterolu olan qadınlar qidalanmalarına xüsusi diqqət yetirməlidirlər.
Foodinfo.az xəbər verir ki, əsas məqsəd həm ananın ürək-damar sağlamlığını qorumaq, həm də dölün normal inkişafını təmin etməkdir. Bu səbəbdən sərt pəhrizlər deyil, balanslı və nəzarətli qidalanma tövsiyə olunur.
Gündəlik rasionda liflə zəngin məhsulların artırılması məsləhət görülür. Qarabaşaq, yulaf, mərci, noxud, tərəvəz və meyvələr xolesterolun tənzimlənməsinə kömək edir. Lif həm də həzm sisteminin düzgün işləməsini dəstəkləyir.
Doymuş və trans yağların miqdarı azaldılmalıdır. Bunun əvəzinə zeytun yağı, qoz-fındıq və avokado kimi doymamış yağ mənbələrindən istifadə tövsiyə edilir. Qızartma üsulu əvəzinə sobada və ya buğda bişirmə daha sağlam seçim sayılır.
Həftədə 1–2 dəfə omega-3 ilə zəngin balıq növlərinin qəbulu ürək sağlamlığı üçün faydalıdır. Toyuq, hinduşka və paxlalılar da rasionda yer almalıdır. Emal olunmuş ət məhsulları isə məhdudlaşdırılmalıdır.
Xolesterolu azaldan bəzi dərmanların hamiləlik zamanı istifadəsi məhdudlaşdırıla bilər. Buna görə də hər hansı dərman dəyişikliyi yalnız həkimlə məsləhətləşərək aparılmalıdır.
Düzgün planlaşdırılmış qidalanma və müntəzəm tibbi nəzarət hamiləlik dövründə yüksək xolesterolun yaratdığı riskləri minimuma endirə bilər.






