Qış aylarında bir çox insan sidiyə getmə ehtiyacının yay mövsümü ilə müqayisədə daha tez-tez yarandığını müşahidə edir. Mütəxəssislər bildirir ki, bu hal əksər hallarda orqanizmin soyuğa verdiyi normal fizioloji reaksiyadır. Foodinfo.az Gazeta.ru saytına istinadla xəbər verir ki, uroloq-androloq Filipp Kostyuninin sözlərinə görə, soyuq hava orqanizmdə bir sıra mexanizmləri işə salır və bu da sidik ifrazının artmasına səbəb olur.
Həkimin izahına görə, insan soyuq mühitə çıxdıqda orqanizm həyati vacib orqanları – beyin və ürəyi qorumaq üçün istiliyi saxlamağa çalışır. Bu məqsədlə dəri, əl və ayaqlardakı periferik damarlar daralır. Vazokonstriksiya adlanan bu proses arterial təzyiqin yüksəlməsi ilə müşayiət olunur.
Bu zaman böyrəklər təzyiqi tənzimləmək üçün daha aktiv işləməyə başlayır və qan həcmini azaltmaq məqsədilə daha çox sidik istehsal edir. Nəticədə sidik ifrazı artır və insan tualetə daha tez-tez getmək ehtiyacı hiss edir.
Mütəxəssis əlavə edib ki, aşağı temperatur sidik kisəsinin reflektor reaksiyasına da təsir göstərə bilər. Soyuq əzələlərin, o cümlədən sidiyi xaric edən detruzor əzələsinin qeyri-iradi yığılmasına səbəb olur. Bu isə sidik kisəsi tam dolmasa belə, güclü və tez-tez tualet çağırışları yaradır.
Digər mühüm faktor su balansı ilə bağlıdır. Qışda insanlar daha az tərlədiklərini düşünsələr də, orqanizm nəfəsalma və dəri vasitəsilə aktiv şəkildə maye itirir. Eyni zamanda susuzluq hissi zəiflədiyi üçün maye qəbulu azalır. Bu isə sidiyin daha konsentrasiyalı olmasına və sidik kisəsinin divarlarının qıcıqlanmasına səbəb ola bilər.
Həkimin sözlərinə görə, qış aylarında fiziki aktivliyin azalması və uzun müddət oturaq vəziyyətdə qalmaq da çanaq nahiyəsində qan durğunluğu yarada bilər. Bundan əlavə, soyuq mövsümdə tez-tez içilən güclü çay, qəhvə və isti spirtli içkilər sidikqovucu təsir göstərərək sidik ifrazını artırır.
Filipp Kostyunin qeyd edib ki, sidiyə getmə ehtiyacı əsasən soyuqda və ya küçədən qayıtdıqdan dərhal sonra yaranırsa, ağrı və yanma yoxdursa, sidiyin rəngi dəyişməyibsə və gecə tualetə qalxma 1–2 dəfəni keçmirsə, bu hal norma hesab olunur.
Lakin tez-tez sidik ifrazı isti mühitdə də davam edirsə, ağrı, yanma, qarınaltı və ya bel nahiyəsində diskomfort yaranırsa, gecə 2–3 dəfədən çox tualetə qalxma müşahidə olunursa, sidikdə bulanıqlıq, qan, xoşagəlməz qoxu və ya hərarət artımı varsa, mütləq həkimə müraciət etmək lazımdır.
Bu əlamətlər hiperaktiv sidik kisəsi, sidik yolları infeksiyası və ya digər ciddi problemlərin göstəricisi ola bilər. Mütəxəssis həmçinin xatırladıb ki, qışda soyuq səthlərdə oturmaq çanaq orqanlarının soyuqlamasına səbəb ola bilər.
Həkim vurğulayıb ki, qışa xas olan “soyuq diurezi” özü-özlüyündə xəstəlik deyil və orqanizmin mühitə uyğunlaşma mexanizmidir. Bununla belə, bədənin verdiyi siqnallara diqqət yetirmək və zərurət olduqda tibbi yardıma müraciət etmək vacibdir.






