Kandida (Candida) insan orqanizmində təbii şəkildə mövcud olan maya tipli göbələklərdən biridir. Ən çox rast gəlinən növü Candida albicans hesab olunur.
Foodinfo.az xəbər verir ki, normal halda ağız boşluğu, bağırsaqlar, dəri və genital nahiyədə problem yaratmadan yaşayan bu mikroorqanizm müəyyən şərtlərdə sürətlə çoxalaraq sağlamlıq problemlərinə yol açır.
İmmun sisteminin zəifləməsi zamanı kandida nəzarətdən çıxır və kandidoz adlanan infeksiyaya səbəb olur. Xüsusilə uzunmüddətli antibiotik istifadəsi bağırsaq florasını pozaraq faydalı bakteriyaların azalmasına və kandidanın artmasına şərait yaradır.
Şəkər və sadə karbohidratlarla zəngin qidalanma kandidanın çoxalmasını sürətləndirən əsas amillərdəndir. Eyni zamanda stress, yuxu çatışmazlığı, hormonal dəyişikliklər və diabet bu riski artırır.
Kandida artımı müxtəlif əlamətlərlə özünü göstərə bilər. Ağızda ağ ərp, tez-tez şişkinlik və qaz, davamlı yorğunluq, dəri problemləri, qadınlarda isə qaşınma və axıntı kimi şikayətlərin kandidozla əlaqəli ola biləcəyini bildirilir.
Kandidaya qarşı mübarizədə qidalanma vərdişlərinin dəyişdirilməsi mühüm rol oynayır. Şəkərin azaldılması, probiotiklə zəngin qidaların qəbul edilməsi və immun sisteminin gücləndirilməsi kandidanın nəzarətdə saxlanmasına kömək edir. Ağır hallarda isə mütləq həkim nəzarətində müalicə aparılmalıdır.
Uzun müddət davam edən və səbəbi bilinməyən həzm, dəri və ya yorğunluq şikayətləri olduqda bunu gözardı etmək olmaz və vaxtında tibbi məsləhət almaq vacibdir.






