Bir çox insan iş günlərində yığılan yuxusuzluğu şənbə və bazar günləri uzun-uzadı yatmaqla aradan qaldırmağa çalışır. Foodinfo.az bildirir ki, həkim-somnoloq Aleksey Katışev bu yanaşmanın yanlış olduğunu və gözlənilən effekti vermədiyini açıqlayıb. Mütəxəssisin sözlərinə görə, xroniki yuxu çatışmazlığını bir-iki gün ərzində “ödəmək” mümkün deyil.

Araşdırmalar göstərir ki, həftəsonu həddindən artıq yatmaq sağlamlıq risklərini azaltmır. Əksinə, sistemli yuxusuzluq ürək-damar xəstəlikləri, maddələr mübadiləsi pozğunluqları və psixoloji problemlərin yaranma ehtimalını artırır. Həkim bildirir ki, əsas təhlükələrdən biri “sosial jetlaq” adlanan vəziyyətdir. Bu zaman insan həftəsonu adi vaxtdan iki-üç saat gec yatıb gec oyanır və orqanizm bunu saat qurşağının dəyişməsi kimi qəbul edir.

Nəticədə bioloji saat pozulur, bazar günü yuxuya getmək çətinləşir, bazar ertəsi isə oyanmaq daha ağır olur. Somnoloq vurğulayır ki, belə rejim yorğunluq hissini daha da dərinləşdirir. “Yığılan” yuxunun təsiri çox qısaömürlüdür və artıq bir gecəlik yuxusuzluqdan sonra diqqət və əhval-ruhiyyə ehtiyatı sürətlə tükənir.

Mütəxəssislər sağlam yuxu üçün əsas yolun sabit rejimdən keçdiyini bildirirlər. Həftənin bütün günlərində, o cümlədən həftəsonu eyni saatlarda yatıb-durmaq tövsiyə olunur. Bu vərdiş bioloji ritmlərin qorunmasına və gündəlik enerjinin stabil qalmasına kömək edir. Somnoloqlar qeyd edir ki, keyfiyyətli və müntəzəm yuxu uzunmüddətli sağlamlığın əsas şərtlərindən biridir.