Səhər yuxudan oyandıqdan sonra özünü yorğun, halsız və enerjisiz hiss edən insanların sayı getdikcə artır. Bu halın əsas səbəblərindən biri D vitamini çatışmazlığı ola bilər.

Foodinfo.az xəbər verir ki, D vitamini təkcə sümük sağlamlığı üçün deyil, eyni zamanda əzələlərin fəaliyyəti, immun sistemi və enerji səviyyəsi üçün də mühüm rol oynayır. Bu vitaminin azlığı bədəndə xroniki yorğunluq, əzələ zəifliyi və səhərlər ağır oyanma kimi əlamətlərlə özünü göstərir.

Günəş şüalarından kifayət qədər yararlanmayan, qapalı məkanlarda çalışan və balanssız qidalanan şəxslərdə D vitamini çatışmazlığı daha çox müşahidə olunur. Xüsusilə payız və qış aylarında bu risk daha da artır.

D vitamini çatışmazlığı uzun müddət davam etdikdə yalnız yorğunluqla kifayətlənmir, həm də immunitetin zəifləməsi, tez-tez xəstələnmə, əhval düşkünlüyü və sümük ağrıları ilə nəticələnir.

Davamlı yorğunluq hissi yaşayan şəxslər qan analizi vasitəsilə D vitamini səviyyəsini yoxlaya bilərlər. Zərurət olduqda isə həkim nəzarəti altında D vitamini əlavələri qəbul etməli və günəşdə kifayət qədər vaxt keçirilməsinə diqqət yetirməlidirlər.

Sağlam həyat tərzi, balanslı qidalanma və günəş işığı səhər yorğunluğunun qarşısının alınmasında əsas amillərdir.