Ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında ilk yerdə dayanır və alimlər bunun əsas səbəblərindən birinin trans yağlarla bağlı olduğunu bildirirlər.
Foodinfo.az xəbər verir ki, Harvard Tibb Məktəbinin tanınmış mütəxəssisi Dr. Walter Willett “Harvard Health Publishing”də dərc olunan məqaləsində trans yağların xolesterini kəskin artıraraq damar tıxanıqlığı və infarkt riskini yüksəltdiyini bildirib.

Onun sözlərinə görə, trans yağlar əsasən marqarinlərdə, hazır qənnadı məhsullarında, fast-food yeməklərində və sənaye üsulu ilə hazırlanmış qəlyanaltılarda mövcuddur. Bu yağlar həm “pis” LDL xolesterinin səviyyəsini qaldırır, həm də “yaxşı” HDL xolesterini azaldır, nəticədə damarların divarında yağ yığıntıları əmələ gəlir. Dr. Willett-in fikrincə, bu proses uzun müddətdə aterosklerozu sürətləndirir və insanlarda infarkt və insult riskini iki dəfə artırır.

Mütəxəssis əlavə edib ki, trans yağların təhlükəsi uzun müddət az qiymətləndirilib, lakin son onilliklərdə aparılan geniş araşdırmalar onların sağlamlıq üçün ən zərərli yağ növü olduğunu tam təsdiqləyib. O, insanlara evdə bişirmə zamanı təbii yağlardan – zeytun yağı, kətan yağı və hətta kərə yağından ölçülü şəkildə istifadə etməyi tövsiyə edib.

Dr. Willett həmçinin vurğulayıb ki, bir çox ölkələr artıq trans yağların qida sənayesində istifadəsini qadağan edib, bu isə ürək-damar xəstəliklərinin yayılmasında azalma ilə nəticələnib. Onun sözlərinə görə, fərdi səviyyədə insanların etiketləri diqqətlə oxuması və “hidrogenləşdirilmiş yağlar” ifadəsini gördükdə həmin məhsuldan uzaq durması çox vacibdir.