Yeni araşdırmalar göstərir ki, hətta həftədə bir yumurta istehlakı belə yaşlı insanlarda ürək-damar xəstəliklərindən ölüm riskini azalda bilər. Foodinfo.az bildirir ki, Avstraliyanın Monash Universitetinin alimləri 70 yaş və yuxarı 8 min 700-dən çox insanı izləyiblər. Araşdırmaya görə, həftədə bir-dörd yumurta yeyən şəxslərdə ölüm riski, nadir hallarda yumurta istehlak edənlərlə müqayisədə, 15 faiz azalıb.

Ən maraqlısı odur ki, ürək-damar xəstəliklərindən ölüm riski isə bu qrupda 29 faiz aşağı olub. Araşdırmanı aparan ekspertlər bildirirlər ki, bu nəticələr yaşlı insanlar üçün elmi əsaslı qida tövsiyələrinin hazırlanmasında faydalı ola bilər.

Yumurtalar yüksək keyfiyyətli protein, B qrupu vitaminləri, folat, E, D, A və K vitaminləri, xolin və bir çox minerallar baxımından zəngindir. Əvvəllər yüksək xolesterolu olan insanların yumurta istehlakından çəkinməsi tövsiyə olunurdu, lakin araşdırmada hətta dislipidemiya (yüksək xolesterol) diaqnozu olanlarda da həftəlik yumurta istehlakı ilə ürək xəstəliklərindən ölüm riski 27 faiz azalıb.

Ekspertlər vurğulayır ki, yumurta balanslı şəkildə qəbul olunduqda yaşlıların sağlam qidalanması üçün faydalı qida məhsuludur.