Duz qidanın dadını artırsa da, onun artıq qəbulu sağlamlıq üçün ciddi təhlükələr yaradır. Foodinfo.az xəbər verir ki, həddindən artıq duzlu yeməklər qan təzyiqini yüksəldir və böyrəklərin fəaliyyətini zəiflədir.

Britaniyalı nefroloq Prof. Graham MacGregor “The Guardian” qəzetinə açıqlamasında bildirib ki, Avropa ölkələrində insanlar gündə orta hesabla 9–12 qram duz qəbul edir, halbuki Ümumdünya Səhiyyə Təşkilatı maksimum 5 qramı tövsiyə edir: “Bu miqdarın ikiqatdan çox qəbul olunması hər il minlərlə insanın vaxtsız ölümünə səbəb olur”.

Elmi araşdırmalar göstərir ki, yüksək duz istifadəsi damarların elastikliyini azaldır, ürək-damar xəstəliklərini artırır və böyrəklərdə daş əmələgəlmə riskini yüksəldir.

Mütəxəssislər duz əvəzinə yeməklərdə ədviyyatlardan və təbii otlardan istifadəni tövsiyə edirlər. Bununla həm dad qorunur, həm də sağlamlıq üçün risklər azalır.