Ənsə nahiyəsində tez-tez baş ağrılarının yaranması insult riskindən xəbər verə bilər. Bu barədə reanimatoloq həkim Mariya Kriveqa açıqlama verib. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, belə hallarda koordinasiya pozğunluğu və bədənin müəyyən hissəsində keyimə də müşahidə oluna bilər.
Həkimin sözlərinə görə, baş ağrısı həftədə bir dəfədən çox təkrarlanırsa, arterial təzyiq mütləq nəzarətdə saxlanılmalıdır. Səhərlər başda ağırlıq hissi, yerişdə qeyri-sabitlik və ya bədənin hər hansı hissəsində keyimə olarsa, dərhal nevroloqa müraciət etmək tövsiyə edilir.
Arterial təzyiqin 135/85 mm civə sütunundan yuxarı olması damar xəstəlikləri riskini artırır. Mütəxəssis bildirib ki, ateroskleroz – yəni damarlarda xolesterin lövhəciklərinin toplanması – simptomlar yaranmazdan xeyli əvvəl başlayır və insult ehtimalını əhəmiyyətli dərəcədə yüksəldir.
Ailədə insult, ateroskleroz və ya hipertoniyadan əziyyət çəkən şəxslər varsa, həmçinin piylənmə və siqaret çəkmə hallarında mütəmadi olaraq qan analizi vermək vacibdir. “Pis” xolesterin yüksək olduqda isə lipid profili həkim təyinatı ilə yoxlanılmalıdır. Aralıq dənizi pəhrizi, həftədə ən azı 150 dəqiqə aerob fiziki aktivlik, siqaretdən imtina və bədən çəkisinə nəzarət insult riskini azaldır.






