Dilin səthində baş verən dəyişikliklər orqanizmdə mövcud olan problemlərin siqnalı ola bilər. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bu barədə Life.ru nəşrinə açıqlamasında stomatoloq-terapevt Pavel Lysenkov danışıb.
Mütəxəssisin sözlərinə görə, əgər dildə qəfil çatlar yaranıbsa və bu hal ağrı, yanğı hissi, həssaslığın artması və ya ağız boşluğunda narahatlıqla müşayiət olunursa, bu, müəyyən sağlamlıq probleminin göstəricisi ola bilər.
Ən geniş yayılmış səbəblər arasında vitamin çatışmazlığı (xüsusilə B12), anemiya, göbələk, virus və ya bakterial infeksiyalar, bəzi dərmanların – o cümlədən antibiotiklərin və ürək preparatlarının qəbulu, allergik reaksiyalar, davamlı stress və sinir gərginliyi yer alır. Həmçinin çox isti və ya həddindən artıq ədviyyəli qidaların mütəmadi qəbulu, kimya sənayesi kimi zərərli istehsalat sahələrində işləmək və irsi meyillilik də risk faktorları sayılır.
Həkim vurğulayıb ki, dildə ağrılı çatlar qəfil meydana çıxarsa, mütləq stomatoloqa müraciət etmək lazımdır. Özbaşına müalicə simptomları gizlədə və düzgün diaqnozu çətinləşdirə bilər.






