Müasir həyat tərzi bir çox insan üçün daimi stress mənbəyinə çevrilib və bu vəziyyət həm psixoloji, həm də fiziki sağlamlığa təsir göstərir. Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş qidalar sinir sisteminin möhkəmlənməsinə və gərginliyin azalmasına kömək edə bilər. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, ekspertlər stresslə mübarizədə təsirli olan beş əsas məhsulu müəyyən ediblər.

Mütəxəssislərin tövsiyə etdiyi ilk məhsul yumurtadır. Yumurta dəmir, zülal və B qrupuna aid xolinlə zəngindir. Bu maddələr beynin normal fəaliyyəti üçün vacib hesab olunur. Zülal eyni zamanda maddələr mübadiləsini dəstəkləyir və orqanizmin enerji balansının qorunmasına kömək edir.

İkinci faydalı məhsul banandır. Banalar əhval-ruhiyyəni yaxşılaşdıran ən təsirli meyvələrdən biri sayılır. Gündə bir və ya iki banan qəbul etmək tövsiyə olunur. Onların tərkibində maqnezium, kalium, E, C və B6 vitaminləri mövcuddur. Bundan əlavə, lif uzunmüddətli toxluq hissi yaradır, fruktoza və qlükoza isə orqanizmi sürətlə enerji ilə təmin edir.

Üçüncü məhsul qoz-fındıqdır. Qoz-fındıq da müsbət əhvalın formalaşmasına töhfə verir. O, zülalla yanaşı mis, maqnezium və B qrupuna aid riboflavinlə zəngindir. Bu maddələr maddələr mübadiləsini normallaşdırır və beynin fəaliyyətini aktivləşdirir. Lakin mütəxəssislər qoz-fındığın həddindən artıq istehlak edilməməsini tövsiyə edirlər.

Dördüncü sırada naringi və portağal yer alır. Sitrus meyvələri C vitamini ilə zəngindir. Bu vitamin noradrenalin və serotonin kimi neyromediatorların sintezində iştirak edir. Serotonin isə “xoşbəxtlik hormonu” kimi tanınır. Buna baxmayaraq, allergik reaksiyaların qarşısını almaq üçün sitrus meyvələrindən normadan artıq istifadə edilməməlidir.

Beşinci və ən sadə, lakin vacib məhsul sudur. Orqanizmdə maye çatışmazlığı qanın qatılaşmasına və dövranın zəifləməsinə səbəb ola bilər. Bu isə hüceyrələrin oksigen və qida maddələri ilə təminatını pisləşdirir. Hətta kifayət qədər yuxu alan insanlarda belə susuzluq tez yorğunluq yarada bilər. Mütəxəssislər güclü halsızlıq zamanı qəhvə və ya çay əvəzinə bir stəkan təmiz su içməyi daha məqsədəuyğun hesab edirlər.

Qeyd olunur ki, bu məhsulların gündəlik qidalanmaya daxil edilməsi stressə qarşı davamlılığı artırmaqla yanaşı, ümumi sağlamlıq vəziyyətinin yaxşılaşmasına da müsbət təsir göstərir.