Son illərdə şəkərsiz qazlı içkilərə maraq artsa da, onların sağlamlıq üçün zərərsizliyi sual altındadır. Foodinfo.az bildirir ki, London İmperial Kollecinin professoru Tim Spector bu içkilərin metabolizmaya təsirini araşdırıb. Onun sözlərinə görə, süni dadlandırıcılar orqanizmdə insulinin ifrazını çaşdıra bilər. Bu isə zamanla qlükoza dözümsüzlüyü və artıq çəkiyə səbəb ola bilər.

Spector qeyd edir ki, dadlandırıcılar iştahanı azaltsa da, bəzi hallarda beyində şirin dad gözləntisini artırır və nəticədə həddindən artıq yeməyə səbəb ola bilər. Bu içkilərin tez-tez istifadəsi bağırsaq mikroflorasını da dəyişdirə bilər. Mütəxəssis bildirir ki, bəzi araşdırmalarda bağırsaq bakteriyalarında balans pozuntusu qeydə alınıb.

Şəkərsiz içkilərin diabet riski ilə əlaqəsi hələ də müzakirə mövzusudur. Lakin Spector ehtiyatlı yanaşmanı tövsiyə edir: "Ən yaxşısı təmiz su və təbii içkilərə üstünlük verməkdir". O hesab edir ki, az şəkərli və balanslı qidalanma uzunmüddətli sağlamlıq üçün daha etibarlı seçimdir. Mütəxəssisin bu fikirləri The Guardian Health bölməsində dərc olunub.