Qoz həm faydalı yağlarla, həm də qiymətli maddələrlə zəngin olduğuna görə süfrələrdə tez-tez yer alır. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, quru meyvə satıcısı Tatyana Solntsevanın sözlərinə görə, qozun keyfiyyəti ilk növbədə onun içliyinin rəngi ilə müəyyən olunur. Onun bildirdiyinə görə, açıq rəngli nazik qabıqlı içliyə malik qozlar yüksək sort hesab edilir, tünd rəngli qabıqlı içlik isə daha aşağı keyfiyyət göstəricisidir.
Mütəxəssis vurğulayır ki, qoz seçərkən ilk olaraq qabığa diqqət yetirmək lazımdır. Qabıq bərabər açıq qəhvəyi rəngdə olmalı, üzərində çatlar, ləkələr və kif izləri görünməməlidir. Belə qüsurlar məhsulun düzgün saxlanılmadığını və ya köhnə olduğunu göstərə bilər.
Qozun çəkisi də onun keyfiyyəti barədə mühüm məlumat verir. Əlinizə götürdüyünüz qoz ağır və dolu hiss edilməlidir. Həddindən artıq yüngül qozlar adətən içi boş, qurumuş və ya xarab olmuş olur.
Qoxu da seçim zamanı önəmli amillərdən biridir. Təzə qoz içliyi xoş, yüngül qoz ətri verir. Əgər acı, rütubətli və ya köhnə yağ qoxusu hiss olunursa, bu, məhsulun xarab olduğuna işarədir.
Mütəxəssislər bildirirlər ki, artıq qabığı zədələnmiş və ya içliyi qaralmış qozları almaq məsləhət deyil. Belə məhsullar təkcə dad keyfiyyətini itirmir, eyni zamanda sağlamlıq üçün də risk yarada bilər.
Qozu aldıqdan sonra onun düzgün saxlanılması da vacibdir. Ən yaxşısı, qozları sərin, quru və günəş şüalarından uzaq yerdə saxlamaqdır. Açılmış qoz içliyi isə hava keçirməyən qabda saxlanmalı və mümkün qədər tez istifadə olunmalıdır.
Qeyd olunur ki, düzgün seçilmiş və saxlanılmış qoz orqanizm üçün faydalı maddələrin dəyərli mənbəyi olmaqla yanaşı, yeməklərə də xüsusi dad qatır.






