Lif orqanizm üçün vacib olan qida maddələrindən biridir və bağırsaq sağlamlığının qorunmasında mühüm rol oynayır. Foodinfo.az xəbər verir ki, müasir insanların əksəriyyəti gündəlik menyuda kifayət qədər lif qəbul etmir və bu da ciddi fəsadlara gətirib çıxarır.

ABŞ-ın Klivlend Klinikasının həkimi Dr. Melissa Majumdar “Healthline” portalına açıqlamasında bildirib ki, lif çatışmazlığı bağırsaq hərəkətlərini ləngidir, qəbizlik yaradır və uzunmüddətli dövrdə kolon xərçəngi riskini artıra bilər: “Əksər insanlar gündəlik yalnız 15 qram lif qəbul edir, halbuki tövsiyə olunan miqdar 25–30 qramdır”.

Araşdırmalar göstərir ki, lif həm də xolesterin səviyyəsini tənzimləyir, ürək xəstəliklərinin qarşısını alır və arıqlama prosesini asanlaşdırır. Çünki lifli qidalar toxluq hissini uzadır və həddindən artıq yeməyin qarşısını alır.

Mütəxəssislər lif mənbəyi kimi tam taxıllar, paxlalılar, tərəvəz və meyvələrin rasiona mütləq daxil edilməsini məsləhət görürlər.