Manqan insan orqanizminin düzgün işləməsi üçün vacib mikroelementlərdən biridir və onun çatışmazlığı həm uşaqlarda, həm də böyüklərdə sağlamlıq üçün təhlükəli nəticələrə gətirib çıxara bilər. Foodinfo.az xəbər verir ki, rusiyalı terapevt Yelena Lixoserstova “NEWS.ru” portalına açıqlamasında bu elementin əhəmiyyətindən və çatışmazlıq risklərindən danışıb.
Həkimin sözlərinə görə, manqan sümük quruluşunun möhkəmlənməsində, maddələr mübadiləsində və enerji balansının tənzimlənməsində mühüm rol oynayır. Xüsusilə uşaqlarda onun çatışmazlığı sümüklərin və oynaqların zəif inkişafına, böyümənin ləngiməsinə və ümumi fiziki inkişafın geriləməsinə səbəb ola bilər.
Lixoserstova qeyd edib ki, manqan çatışmazlığı adətən çox nadir hallarda – uzunmüddətli aclıq, qidalanma pozğunluğu və ya mikroelementlərlə zəngin olmayan süni qidalanma zamanı müşahidə olunur. Bununla belə, bu hal yarandıqda bədəndə bir sıra ciddi dəyişikliklər baş verir.
Mütəxəssis bildirib ki, manqan azlığı yalnız sümük sisteminə deyil, həm də dərinin, saçın və dırnaqların vəziyyətinə mənfi təsir göstərir. Bu zaman saç və dırnaqların böyüməsi zəifləyir, dəri problemləri yaranır, ürək-damar sistemi və maddələr mübadiləsi zəifləyir.
O, əlavə edib ki, manqan çatışmazlığı həm də ürək sağlamlığına və qan dövranına mənfi təsir edə bilər, çünki bu mikroelement “yaxşı” xolesterinin səviyyəsini qorumaqda mühüm rol oynayır. Həmçinin orqanizmin qlükozaya dözümlülüyü azalır, bu da şəkər balansının pozulmasına gətirib çıxara bilər.
Həkim qeyd edib ki, manqanı gündəlik rasionda saxlamaq üçün qoz-fındıq, yulaf, qarabaşaq, paxlalılar, ispanaq və tam taxıllı məhsullardan istifadə etmək kifayətdir. Bu qidalar həm böyüklər, həm də uşaqlar üçün manqan mənbəyi kimi ən faydalı seçimlər sayılır.






