Mütəxəssislər gündəlik qidalanmada duzun normadan artıq istifadəsinin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirirlər. Xüsusilə hazır qidalarda gizli duz miqdarının yüksək olması risk yaradır.
Foodinfo.az BBC Health platformasına istinadla xəbər verir ki, britaniyalı kardioloq Martin Scurr artıq duz qəbulunun yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri riskini artırdığını deyib.
Onun sözlərinə görə, bir çox insan gündəlik qəbul etdiyi duz miqdarını fərq etmir. Çünki kolbasa məhsulları, souslar, çips və fastfud kimi qidalarda normadan artıq natrium olur.
Araşdırmalar göstərir ki, duzun azaldılması təzyiqin stabilləşməsinə və ürək yükünün azalmasına kömək edir. Həkimlər yeməklərdə daha çox təbii ədviyyatlardan istifadə etməyi tövsiyə edirlər.
Mütəxəssislər gündəlik duz qəbulunun 5 qramı keçməməsinin vacib olduğunu vurğulayırlar.






