Avokado son illərin populyar “superqidası” hesab olunur və ürək-damar sağlamlığına müsbət təsirləri ilə diqqət çəkir. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, amerikalı alimlər araşdırıblar ki, hər gün bir ədəd avokado yemək xüsusilə artıq çəkiyə malik şəxslərdə sağlamlıq göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Avokadonun üstünlüklərindən biri onun yüksək kalium tərkibidir. 100 qram avokadoda təxminən 485 mq kalium var ki, bu da bananlarla müqayisədə 100 mq daha çoxdur. Bu, sinir sistemi və qan təzyiqinin normal saxlanması üçün vacibdir. Ekspertlər yüksək təzyiqi olan şəxslərə avokado yeməyi tövsiyə edirlər.

Həmçinin, avokado fol turşusu ilə zəngindir. Bu maddə yalnız hamilə qadınlar üçün deyil, beyin funksiyalarını yaxşılaşdırmaq və kognitiv bacarıqları gücləndirmək istəyən hər kəs üçün faydalıdır.

Pennsylvania Dövlət Universitetinin tədqiqatına 21–70 yaş arası 1000 sağlam, lakin artıq çəkiyə malik iştirakçı cəlb olunub. Bir qrup iştirakçıya hər gün bir ədəd Hass avokado yemək tapşırılıb.

Nəticələr dörd həftə ərzində gözəl dəyişikliklər göstərib: “pis” xolesterin (LDL) səviyyəsi 13,5 mq/dl azalıb, ümumi xolesterin və trigliserid səviyyəsi normallaşıb. Maraqlısı odur ki, gündəlik avokado yeyənlər demək olar ki, əlavə kilo almayıblar, həmçinin əhəmiyyətli çəki itkisi də olmayıb.

Bu, göstərir ki, düzgün yağlar orqanizm üçün zərərsizdir və balanslı miqdarda istehlak edildikdə bədən çəkisinə mənfi təsir göstərmir. Avokado həm sağlamlıq, həm də qidalanma baxımından ideal seçimdir.