Qida zəncirinin bütün mərhələlərində insanlar tərəfindən qida məhsullarının təhlükəsizliyinə və yararlılığına nail olunması üçün qida gigiyenasının vacib prinsiplərinin müəyyənləşdirilməsi “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın əsas məqsədlərindəndir. Gigiyena tələblərinin təmin edilməsi üçün qida zəncirinin ayrı-ayrı mərhələləri, texnoloji proseslər, yaxud qida məhsullarının təhlükəsizliyi ilə bağlı hazırlanacaq və qəbul ediləcək konkret texniki normativ hüquqi aktların tətbiqi üzrə rəhbər sənəd qismində istifadə edilməsi də bu məqsədlərə daxildir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da bildirilir. 

Qeyd edək ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida zəncirinin bütün mərhələlərində-ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi əməliyyatları daxil olmaqla, qida məhsullarının təhlükəsizliyinə dair gigiyena tələblərini müəyyən edir. Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa, Avropa Birliyinin “Qida məhsullarının gigiyenası” Reqlamentinə və Kodeks Alimentarius Komissiyasının “Qida gigiyenasına dair ümumi prinsiplər” standartına əsasən hazırlanıb.