Kəsim məntəqələrində kəsim zamanı və məhsulların tədarükündə istifadə olunan texniki avadanlıq, alət və ləvazimatlar, həmçinin səthlər təmiz olmalı və çirkləndikdə və ya hər iş gününün sonunda dezinfeksiya edilməlidir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın “Kəsimin mərhələləri və kəsim və ilkin emal prosesinə dair baytarlıq-sanitariya normaları və qaydaları” bölməsində bildirilir. Həmçinin sənəddə qeyd edilir ki, heyvan və quş cəmdəyinin doğranması prosesində taxta (kötük) və qida məhsulları üçün istifadəyə yararlı polietilen materiallardan hazırlanmış plastik lövhələrdən istifadə edilə bilər. Kəsim məntəqələrində istifadə edilən alət və ləvazimatlar istifadədən sonra təmizlənməli və hər iş gününün sonunda dezinfeksiya edilməlidir.

Sənədə əsasən, kəsim məntəqəsində heyvan kəsimi prosesi bitdikdən sonra və ya səyyar (mobil tipli) kəsim məntəqəsinin köçürülməsi zamanı son mexaniki təmizlik və dezinfeksiya işləri həyata keçirilməlidir.