Səyyar (mobil tipli), stasionar və modul tipli kəsim məntəqələri mövcuddur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”na əsasən, səyyar kəsim məntəqəsi kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında, Qurban bayramı yaxud digər xüsusi tədbirlər həyata keçirilən günlərdə baytarlıq-sanitariya və zoogigiyena normalarına və qaydalarına uyğun olaraq müvəqqəti heyvan və quş kəsimi üçün yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilmiş yerdə qurulan qurğudur. Heyvan və quş kəsiminin, heyvan mənşəli qida məhsullarının ilkin emalının həyata keçirildiyi məntəqə (bina və ya digər tikililər) stasionar kəsim məntəqəsi adlanır. Modul tipli kəsim məntəqəsi isə heyvan və ya quş kəsimi həyata keçirilən dəmir konstruksiya ilə quraşdırılan müvəqqəti tikilidir. 

Foodinfo.az xəbər verir ki, sənədə əsasən, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları” səyyar, stasionar və modul tipli heyvan və quş kəsimi məntəqələrində insanların keyfiyyətli və təhlükəsiz heyvan mənşəli qida məhsulları ilə təmin olunması və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə kəsim məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydalarını müəyyən edir.