Hesabat ilində Çinə bitkiçilik məhsullarından fındıq və badamın ixracı üçün müvafiq icazələr əldə olunub.
Foodinfo.az xəbər verir ki, eyni zamanda quş əti, akvakultura və yabanı dəniz məhsulları, eləcə də alma, xurma, nar, zəfəran və albalı kimi bitkiçilik məhsulları üzrə ixrac icazələrinin alınması istiqamətində qarşı tərəflə intensiv danışıqlar və işlər aparılır. Bundan əlavə, 2025-ci il 20 oktyabr tarixində Agentliyin Çinin CIFER (Çinə Qida Məhsulları İdxal edən Müəssisələrin Qeydiyyatı Sistemi) sistemində qeydiyyatı uğurla tamamlanıb və Agentliyə giriş məlumatları təqdim edilib. Bu isə Azərbaycan sahibkarlarının həmin sistemdə qeydiyyatının Agentlik tərəfindən təsdiqlənməsini mümkün edir.
Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Agentliyin sədr müavini Əziz Şərifov səsləndirib.






