
Əksər hallarda suçiçəyi keçirdikdən sonra davamlı immunitet yaranır. Foodinfo.az xəbər verir ki, Rusiya üzrə sabiq baş sanitariya həkimi, akademik Gennadiy Onışçenko bəzi insanların xəstəliyə yenidən yoluxa biləcəyini açıqlayıb.
Onun sözlərinə görə, təxminən 3–4% insanlar suçiçəyinə ikinci dəfə yoluxa bilər.
Buna səbəb ya əvvəlcə immunitetin düzgün yaranmaması, ya da ciddi sağlamlıq problemləri nəticəsində immunitetin itirilməsidir.
Xüsusilə onkoloji xəstələr və ya QİÇS-lə yaşayanlar risk qrupuna daxildir, çünki onların immun sistemi zəifdir.
Əksər insanlar üçün isə suçiçəyinə ikinci dəfə yoluxma mümkün deyil.
Onışçenko qeyd edir ki, Rusiya üzrə xəstələnmə halları artır və xəstəlik bütün regionlarda qeydə alınır.
Ən çox yoluxanlar isə uşaqlardır — ümumi yoluxmaların 94,8%-i onlara aiddir.
Böyüklərdə yoluxma nadirdir və ümumi halların yalnız 5,2%-ni təşkil edir.
Ekspert vurğulayır ki, immuniteti zəif olan şəxslər diqqətli olmalı və xəstəliyə qarşı peyvəndləri nəzərdən keçirməlidirlər.
Düzgün profilaktika və gigiyena qaydalarına riayət etməklə həm uşaqlar, həm də böyüklər xəstəlikdən qoruna bilər.