Beyin sağlamlığının zəifləməsi çox vaxt hiss olunmadan başlayır. Foodinfo.az xəbər verir ki, tibb elmləri namizədi, nevroloq Nataliya Suvorinova beynin vaxtından əvvəl qocalmasını göstərən üç əsas əlaməti sadalayıb.

Mütəxəssis bildirib ki, bu xəbərdarlıq siqnalları — yaddaşın zəifləməsi, diqqətsizlik və adi işlər zamanı tez yorulmaq — beynin fəaliyyətində erkən dəyişikliklərə işarə edir. Onun sözlərinə görə, əgər insan əvvəllər asanlıqla yerinə yetirdiyi gündəlik tapşırıqları indi çətinliklə görürsə və ya tez-tez nəsə unudur, bu artıq diqqət tələb edən vəziyyətdir.

Suvorinova vurğulayıb ki, belə hallarda öz-özünə diaqnoz qoymaq və “özbaşına müalicəyə” başlamaq yolverilməzdir. Çünki bu əlamətlərin səbəbi təkcə nevroloji problemlərlə deyil, ürək, qaraciyər və ya böyrək kimi digər orqanların xəstəlikləri ilə də bağlı ola bilər.

Həkim xəbərdarlıq edib ki, “simptomların güclənməsini gözləmək səhv yanaşmadır”. Onun sözlərinə görə, hər hansı narahatlıq hiss edilərsə, dərhal mütəxəssisə müraciət etmək daha doğrudur. “Yoxlanmaq həmişə təhlükəsizdir, amma gözləmək bəzən bərpa olunmaz nəticələrə gətirib çıxara bilər,” – deyə Suvorinova qeyd edib.

Nevroloq həmçinin beyin sağlamlığını qorumaq üçün yuxu rejiminə əməl etməyi, stressi azaltmağı, fiziki aktivliyi artırmağı və duzlu, yağlı, şəkərli qidalardan uzaq durmağı tövsiyə edib. Onun fikrincə, bu sadə qaydalar beyin hüceyrələrinin uzunömürlü olmasına və idrak qabiliyyətinin qorunmasına kömək edir.