Küncüt min illərdir insan qidasında və təbii müalicə üsullarında istifadə olunan qiymətli bitkilərdən biridir. Tarixi mənbələr bu toxumun qədim Misir, Hindistan və Mesopotamiya ərazilərində həm yağ, həm də şəfa mənbəyi kimi tanındığını göstərir. Foodinfo.az Championat.com saytına istinadla xəbər verir ki, mütəxəssislər küncütün zəngin tərkibinin onu gündəlik qidalanma üçün faydalı məhsula çevirdiyini bildirirlər.
Məlumata görə, küncüt yüksək enerji dəyərinə malikdir və tərkibində sağlam yağlar üstünlük təşkil edir. O, bitki mənşəli zülal baxımından zəngin olmaqla yanaşı, orqanizm üçün vacib amin turşularını da təmin edir. Küncüt xüsusilə kalsiumla seçilir və bu göstəriciyə görə bir çox bitki mənşəli qidanı geridə qoyur.
Eyni zamanda maqnezium, dəmir və sink kimi minerallar sinir sistemi, ürək fəaliyyəti və immun müdafiə üçün mühüm rol oynayır. B qrupu vitaminləri və E vitamini isə maddələr mübadiləsini və hüceyrə qorunmasını dəstəkləyir. Mütəxəssislər bildirirlər ki, küncütdə olan təbii qoruyucu maddələr orqanizmdə iltihabın azalmasına kömək edir.
Küncütün ürək-damar sağlamlığını qoruduğu, sümükləri möhkəmləndirdiyi və dəri ilə saçların vəziyyətini yaxşılaşdırdığı qeyd olunur. Həzm sistemi üçün də faydalı olan bu toxum bağırsaqların normal fəaliyyətini dəstəkləyir. Lakin yüksək kalorili olduğu üçün küncüt həddindən artıq istehlak edilməməlidir.
Həkimlər küncütü salatlara, qatığa və yeməklərə əlavə etməyi, həmçinin əzilmiş və ya azca qovrulmuş formada istifadə etməyi tövsiyə edirlər. Düzgün miqdarda qəbul edildikdə küncüt sağlam qidalanmanın dəyərli hissəsinə çevrilə bilər.






