Mütəxəssislər fiziki fəaliyyətin ürək sağlamlığına mənfi təsir göstərməsi və onun vaxtından əvvəl “tükənməsinə” səbəb olması barədə geniş yayılmış mifi təkzib ediblər.
AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “JACC: Advances” jurnalında dərc olunub.
Avstraliyadakı Viktor Çanq Kardioloji Elmi-Tədqiqat İnstitutunun alimləri bəyan ediblər ki, onlar müntəzəm fiziki məşqlərin guya ürəyə zərər vurması barədə əsas mifi elmi cəhətdən rədd ediblər. Bu mifə əsasən, müntəzəm məşqlər ürək döyüntülərinin sayını artırır və nəticədə orqanın “tükənməsinə” səbəb olur.
Tədqiqatçılar müəyyən ediblər ki, idmanla məşğul olan insanların nəbz tezliyi orta hesabla idmanla məşğul olmayan şəxslərlə müqayisədə təxminən 10 faiz aşağıdır.
Elmi məlumatlara görə, müntəzəm məşq edən insanların istirahət halındakı ürək döyüntülərinin tezliyi orta hesabla dəqiqədə 68 zərbə təşkil edir, fiziki aktiv olmayan şəxslərdə isə bu göstərici 76 zərbədir. Beləliklə, idmanla məşğul olan insanların ürəyi sutka ərzində təxminən 11,5 min döyüntüyə “qənaət edir”.
“İdmançıların ürəyi məşqlər zamanı daha intensiv işləsə də, istirahət halındakı aşağı göstəricilər bu fərqi tam şəkildə kompensasiya edir”, – deyə professor La Jerş qeyd edib.
Alim daha yavaş nəbzi yaxşı fiziki hazırlığın göstəricisi və uzunmüddətli sağlamlığın mühüm əlaməti kimi qiymətləndirib. “Hətta siz gün ərzində cəmi bir saat intensiv məşq etsəniz belə, ürəyiniz qalan 23 saat ərzində daha yavaş döyünür”, – deyə tədqiqatın müəllifi vurğulayıb.






