Son illərdə uşaqların fiziki aktivliyinin azalması mütəxəssisləri ciddi narahat edən mövzulardan birinə çevrilib. Hərəkət isə uşaqların həm fiziki, həm də sinir sistemi inkişafı üçün vacib amillərdən hesab olunur.

Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, nevroloq müasir uşaqların az hərəkət etməsinin əsas səbəblərindən birinin rəqəmsal cihazlara həddindən artıq maraq olduğunu bildirib. Planşet, smartfon və televizor qarşısında uzun saatlar keçirmək aktiv oyunları, açıq havada gəzməyi və idmanı arxa plana keçirir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, məktəb yaşlı uşaqlar gündə 4–6 saatını ekran qarşısında keçirir.

Bundan əlavə, şəhər mühiti də bu problemi dərinləşdirir. Mənzillərdə hərəkət üçün kifayət qədər yer olmaması, həyətlərin avtomobillərlə dolu olması və təhlükəsiz oyun meydançalarının azlığı uşaqların sərbəst hərəkət imkanlarını məhdudlaşdırır. Valideynlərin təhlükəsizlik səbəbilə uşaqları tək buraxmaqdan çəkinməsi də onların aktivliyinə təsir göstərir.

Mütəxəssislər qeyd edir ki, uşaqların gündəlik həyatı müxtəlif dərnəklər və əlavə məşğələlərlə doludur. Bu fəaliyyətlər faydalı olsa da, çox vaxt oturaq şəkildə keçirilir və uşaqlara sərbəst qaçmaq, tullanmaq və oynamaq üçün kifayət qədər vaxt qalmır. Nəticədə, təbii hərəkət ehtiyacı ödənilmir və bu da sağlam inkişaf üçün risk yaradır.