Zefirin tərkibində icazə verilən miqdardan artıq qida əlavələrinin olması insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Foodinfo.az “Veçernyaya Moskva” nəşrinə istinadla xəbər verir ki, diyetoloq və qidalanma üzrə mütəxəssis İrina Pisareva bu barədə danışarkən, belə məhsulların istehlakının zəhərlənmə riski yaratdığını bildirib.

Onun sözlərinə görə, bəzi istehsalçılar məhsulun dadını və rəngini cəlbedici etmək üçün keyfiyyətsiz və bəzən də qadağan olunmuş əlavələrdən istifadə edirlər. Bu cür maddələr mədə-bağırsaq sisteminə mənfi təsir göstərir, allergik reaksiyalar, səpki, ödem və hətta həyati təhlükəli “Kvinke şişi” yarada bilər.

Pisareva qeyd edib ki, zəhərlənmə riski təkcə tərkibdəki əlavələrlə məhdudlaşmır. Sanitar qaydaların pozulması — yəni zefirin hazırlanması, daşınması və saxlanması zamanı gigiyenik normalara əməl edilməməsi də məhsulda mikrobların, göbələklərin və zərərli toksinlərin yaranmasına şərait yaradır.

Mütəxəssis bildirib ki, belə hallarda məhsulun dadı və qoxusu dəyişməsə də, onun tərkibində insan sağlamlığı üçün təhlükəli maddələr çoxalır. Bu cür zefirin qəbulu nəticəsində mədə ağrısı, ürəkbulanma, başgicəllənmə və ümumi zəiflik kimi əlamətlər müşahidə oluna bilər.

Pisareva istehlakçılara məsləhət görüb ki, şirniyyat məhsullarını yalnız etibarlı istehsalçılardan alsınlar, qablaşdırmanın bütövlüyünə, saxlanma müddətinə və şəraitinə diqqət yetirsinlər.

Həkimin fikrincə, keyfiyyətli zefir insan orqanizminə zərər vermir, lakin onun miqdarı da normadan artıq olmamalıdır. “Hətta təbii tərkibli şirniyyat belə, çox yeyildikdə orqanizmə yük yaradır”, — deyə o əlavə edib.