Səhər yeməyini tez hazırlamaq üçün tez bişən yulaf paketləri rahat seçimdir. Sadəcə üzərinə qaynar su töküb, süd, giləmeyvə və ya mürəbbə əlavə etmək kifayətdir. Foodinfo.az xəbər verir ki, belə məhsullar rahat olsa da, onları hər gün istifadə etmək məsləhət deyil.

Mütəxəssislər bildirir ki, bu yulaflar xüsusi texnologiya ilə hazırlanır: taxıllar qırılır, əzilir və ya yastılaşdırılır. Paketlərdə yulaf, düyü, qarabaşaq, qarğıdalı kimi taxıllar, əlavə olaraq quru meyvələr, şəkər, duz və aromatizatorlar ola bilər. Emal prosesi zamanı B qrupu vitaminləri və antioksidantlar azalır, qlikemik indeks yüksəlir ki, bu da qan şəkərinin sürətlə qalxıb düşməsinə, insulin sıçramalarına və həddən artıq yeməyə səbəb ola bilər.

Bundan əlavə, paketlərdə rafinə olunmuş yağlar və süni dadlandırıcılar da ola bilər ki, bu da ürək-damar sistemi üçün zərərlidir. Paketdə bişən yulaf qızdırıldıqda plastikdən bədənə keçən zəhərli maddələr — mikropastik, bisfenol A, ftalatlar — hormonlara və sağlamlığa mənfi təsir göstərə bilər.

Mütəxəssislər tövsiyə edir:

Tez bişən yulafları yalnız tələsik səhərlər və ya səyahət zamanı istifadə edin;

Paketdə bişirməyin, keramika və ya şüşə qabdan istifadə edin;

Üzərinə giləmeyvə, qoz-fındıq və toxumlar əlavə edin;

Əsas səhər yeməyini uzun müddət bişən tam taxıllardan hazırlayın: yulaf, qarabaşaq, sorqo, kino, amarant, düyü və s.;

Taxılları gecədən isti su ilə isladın, səhər tez bişsin.

Beləliklə, tez hazırlanan yulaf rahat olsa da, hər gün istifadə üçün uyğun deyil. Tam taxıllar, təbii yağlar və zülallar səhər yeməyində daha faydalıdır və uzun müddət toxluq təmin edir.