Dietoloqlar avokadonun qidalanmada xüsusi yer tutduğunu bildirirlər. Foodinfo.az xəbər verir ki, Rusiya Milli Dietoloqlar və Nutrisoloqlar Assosiasiyasının üzvü, dietoloq-nutrisoloq Anna Belousova meyvənin tərkibində sağlamlıq üçün vacib maddələrin olduğunu açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, avokado orqanizmin ehtiyac duyduğu faydalı yağ turşuları ilə zəngindir. Xüsusilə omeqa-6 və omeqa-9 yağ turşuları bu meyvənin əsas üstünlükləri arasında göstərilir. Belousova həmçinin avokadonun güclü antioksidant hesab olunan E vitamini mənbəyi olduğunu vurğulayıb.
O bildirir ki, avokadonun tərkibi həm ürək-damar sistemi, həm də dəri sağlamlığı üçün dəstəkləyici təsir göstərir. Bununla yanaşı, toxluq hissi yaratdığı üçün balanslı qidalanmada istifadə olunan məhsullar siyahısında ön sırada dayanır.
Dietoloq vurğulayıb ki, xəstələrin çoxu avokadonun “super qida” olmasını səbəb göstərərək onu gündəlik rasionuna həddindən artıq daxil etməyə meyllidir. Lakin meyvənin kalori baxımından yüksək olması nəzərə alınmalıdır.
Belousovanın tövsiyəsinə görə, sağlam insanlar üçün avokadonun gündə maksimum bir ədəd qəbulu məqbul hesab olunur. O, bunun həm faydanı qoruduğunu, həm də artıq kalori qəbulunun qarşısını aldığını bildirib.






