Qış mövsümündə artan yorğunluq və emosional gərginlik fonunda bəzi qidaların əhval-ruhiyyəyə müsbət təsir göstərdiyi bildirilir. Foodinfo.az xəbər verir ki, dietoloq Lyudmila Denisenko dekabr ayında rasiona az miqdarda şokolad daxil etməyin faydalı ola biləcəyini açıqlayıb.

Mütəxəssisin kp.ru ilə söhbətində bildirdiyinə görə, gündə 20–30 qram keyfiyyətli şokolad qəbul etmək stressi azaltmağa kömək edir və orqanizmdə “xoşbəxtlik hormonu” kimi tanınan endorfinlərin ifrazını artırır. Onun sözlərinə görə, bu kiçik porsiya həm əhvalı yüksəldir, həm də emosional tarazlığın qorunmasına dəstək olur.

Denisenko vurğulayıb ki, qış aylarında iş tempi, gün işığının azalması və mövsümi yorğunluq səbəbindən insanlar daha çox gərginlik yaşayır. Bu baxımdan, rasionda rahatladıcı təsir göstərən qidaların yer alması xüsusi əhəmiyyət kəsb edir.

Dietoloq əlavə edib ki, təkcə şokolad deyil, bitki çayları da əhval-ruhiyyəyə müsbət təsir göstərir. Onun sözlərinə görə, çobanyastığı, melissa və digər sakitləşdirici bitkilərdən hazırlanan çaylar narahatlığı azalda bilər.

Mütəxəssis, həmçinin kərəviz, kələm və yağlı balıq kimi məhsulların da psixoloji vəziyyəti yaxşılaşdırmağa kömək etdiyini bildirib. Bu qidalar həm B qrup vitaminləri, həm də omeqa yağ turşuları ilə zəngin olduğundan, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir.

Denisenko bildirib ki, balanslı və müxtəlif qida seçimi qış ayında həm fiziki, həm də emosional sağlamlığın qorunmasında vacib rol oynayır.