Mikrodalğalı sobalar bir çox evdə yemək qızdırmaq üçün ən rahat cihazlardan biri olsa da, onların gündəlik istifadəsi barədə mütəxəssislər ehtiyatlı olmağı məsləhət görür. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, tibb elmləri doktoru Mariyat Muxina mikrodalğa sobasından tez-tez istifadə etməyin bəzi risklərə səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, hələ 1980-ci illərdə aparılan araşdırmalarda mikrodalğalı sobaların orqanizmə mənfi təsirləri barədə müzakirələr mövcud olub və xüsusən də yeməyin hər gün mikrodalğada qızdırılması məsləhət görülmür.

Mütəxəssis qeyd edir ki, mikrodalğada qızdırılma zamanı qidanın molekul quruluşunda dəyişiklik baş verir və bəzi hallarda D-izomerlər yaranır. Elektromaqnit dalğaları qidada olan molekulları sürətlə hərəkətə gətirdiyi üçün istilik içəridən yaranır və bu proses qidanın təbii quruluşunu dəyişdirə bilər. Muxinanın fikrincə, belə dəyişikliklər uzunmüddətli istifadədə həzm sistemi üçün arzuolunmaz təsirlər yarada bilər.

Risk yalnız qidaya deyil, istifadə qaydalarına da bağlıdır. Soba üçün uyğun olmayan qablar ərimə, qızma və hətta yanğın təhlükəsinə səbəb ola bilər. Xüsusilə metal elementləri olan qabların istifadəsi qəti şəkildə yolverilməz sayılır. Mikrodalğalı soba ilə ehtiyatsız davranış nəticəsində əl və üz nahiyəsində yanıq riski də mövcuddur.

Mütəxəssislər vurğulayır ki, ürək stimulyatoru olan insanlar mikrodalğa sobasına daha diqqətli yanaşmalıdır. Yüksək elektromaqnit sahəsi bəzi cihazlarda nasazlıq yarada bilər. Buna görə də belə şəxslərə cihazdan məsafəli istifadə etmək və çox yaxın dayanmaq tövsiyə olunmur.

Bu riskləri minimuma endirmək üçün əsas qayda — sobanın istismar təlimatına ciddi əməl etməkdir. Yeməyi uzun müddət deyil, qısa intervallarla qızdırmaq, uyğun şüşə və keramik qablardan istifadə etmək, cihaz işləyərkən qapını tam bağlamaq və nasazlıq əlamətləri olduqda sobanı dərhal dayandırmaq mütəxəssis tərəfindən tövsiyə olunur. Gündəlik qızdırma ehtiyacı çoxdursa, bəzən adi qaz və ya elektrik sobasından istifadə etmək daha təhlükəsiz seçim ola bilər.