Zaqatala Rayon İcra Hakimiyyətinin inzibati binasında fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəhbəri Sərdar Hacıyev, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov iştirak ediblər.

Bu barədə Foodinfo.az-a AQTA-dan məlumat verilib.

Görüşdə fındıqçılıq sahəsində mövcud vəziyyət və aktual məsələlər müzakirə olunub. Ölkəmizdən Çin Xalq Respublikasına fındıq və badam ixracının genişləndirilməsi istiqamətində intensiv tədbirlərin həyata keçirildiyi qeyd olunub. İxracatçılara bu sahədə tələb olunan prosedurlar, texniki tələblər və sənədləşmə qaydaları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, mövcud prosedurlara düzgün riayət edilməsi ixrac prosesinin daha şəffaf, operativ və etibarlı şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Tədbirdə həmçinin fındıq məhsullarında aflatoksin riskinin azaldılması üçün vacib tədbirlər diqqətə çatdırılıb. Bölgədə Qəhvəyi mərmər bağacığına qarşı aparılan qış monitorinqlərinin nəticələri təqdim olunub, yaz-yay mövsümündə mübarizə işlərinin daha səmərəli təşkili, əhalinin və fermerlərin maarifləndirilməsi, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi müzakirə edilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, fındıq istehsalçılarını maraqlandıran mövzular üzrə fikir mübadiləsi aparılıb.