Gözlərdə “qum” hissi və qaşınma tez-tez yüngül narahatlıq kimi görünə bilər, lakin mütəxəssislər bildirir ki, bu simptomlar ciddi xəstəliklərin əlaməti ola bilər.
Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, oftalmoloq Dinara Sadıkova gözlərdə bu tip simptomların konjonktivit xəstəliyinin inkişafını göstərə biləcəyini qeyd edib.

Həkim bildirib ki, xəstəliyin digər əlamətləri arasında gözlərin qaşınması, burun axması və bol ifrazatlar yer alır. Ümumiyyətlə, konjonktivitin əsas əlamətləri gözlərin qızarması, yanğı, yaşarma və göz qapaqlarının şişməsidir.

Virus mənşəli konjonktivitdə ifrazatlar şəffaf olur və əksər hallarda əvvəlcə bir gözü tutur, sonra digərinə keçir. Bu zaman xəstə boğaz ağrısı, burun tutulması və hərarət də müşahidə edə bilər.

Bakterial konjonktivitdə isə ifrazatlar sarımtıl və ya yaşıl rəngdə olur, xüsusilə səhər oyandıqda daha nəzərə çarpır. Xəstələr tez-tez göz qapağı altında yad cisim hissi də qeyd edirlər.

Allergik konjonktivitdə isə əsas simptom güclü qaşınma və bol göz yaşıdır. Hər iki göz eyni anda təsirlənir, tez-tez asqırma və burun tutulması müşahidə olunur.

Oftalmoloq vurğulayır ki, simptomların xarakteri xəstəliyin növünü müəyyən etməyə və düzgün müalicə təyin etməyə imkan verir. Bu səbəbdən gözlərdə bu əlamətlər yaranarsa, vaxt itirmədən mütəxəssisə müraciət etmək vacibdir.