Balıq insan orqanizmi üçün ən vacib çoxqat doymamış yağ turşularının mənbəyidir. Foodinfo.az “Zvezda” telekanalına istinadla xəbər verir ki, həkim-terapevt Denis Prokofyev bu barədə danışarkən balığın tərkibindəki omeqa-3, omeqa-6 və omeqa-9 yağ turşularının bədənin normal fəaliyyəti üçün əvəzolunmaz rol oynadığını bildirib.

Mütəxəssisin sözlərinə görə, bu yağ turşuları damar divarlarını elastik saxlayır, aterosklerotik yığıntıların sərtləşməsinin qarşısını alır və onların qopub qan dövranını tıxamasına imkan vermir. Bu xüsusiyyət ürək-damar xəstəliklərinin, xüsusilə də infarkt və insult hallarının qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.

Prokofyev əlavə edib ki, balıq məhsulları qan dövranını tənzimləyir, orqanizmdə xolesterinin səviyyəsini azaldır və beyin fəaliyyətinə də müsbət təsir göstərir. Həkim həftədə ən azı iki dəfə balıq yeməyi tövsiyə edir.

O, həmçinin qeyd edib ki, xüsusilə dəniz balıqları — skumbriya, qızılbalıq, sardina və siyənək növləri bu faydalı maddələrlə daha zəngindir. Mütəxəssis bildirib ki, bu növ balıqların buxarda və ya sobada hazırlanması onların qida dəyərini qoruyur və orqanizmə ən çox fayda verir.