Son illər sağlam qidalanma və veqan pəhrizlərinin populyarlaşması ilə tofuya maraq artıb. Lakin mütəxəssislər bildirirlər ki, faydalı hesab olunan bu qida bəzi hallarda yan təsirlərə də səbəb ola bilər.

Foodinfo.az xəbər verir ki, tofu soya mənşəli məhsul olduğu üçün bəzi insanlarda həzm problemləri yarada bilər. Xüsusilə həssas mədəsi olan şəxslərdə şişkinlik, qaz və qarın narahatlığı müşahidə oluna bilər. Bundan əlavə, soya allergiyası olan insanlar üçün tofu allergik reaksiyalar, o cümlədən səpkilər və qaşınma ilə nəticələnə bilər.

Tofunun tərkibində olan fitoestrogenlər həddindən artıq istehlak edildikdə hormonal tarazlığa təsir göstərir. Bu səbəbdən hormonal pozğunluqları olan şəxslərə tofudan ölçülü istifadə tövsiyə olunur.

Qalxanabənzər vəz (tiroid) problemi olan şəxslər də tofu istehlakında ehtiyatlı olmalıdır. Araşdırmalar göstərir ki, çox miqdarda soya məhsulu tiroid hormonlarının fəaliyyətinə mənfi təsir edə bilər, xüsusilə də orqanizmdə yod çatışmazlığı olduqda.

Həmçinin, tofu bəzi hormon və tiroid dərmanlarının təsirini zəiflədə bilər. Bu səbəbdən davamlı dərman qəbul edən şəxslərin tofu istehlakı ilə bağlı həkimlə məsləhətləşməsi tövsiyə olunur.

Tofu sağlam protein mənbəyi olsa da, ölçülü və balanslı şəkildə istehlak edilməlidir. Həftədə 2–3 porsiyadan artıq tofudan istifadə etməmək məsləhət görülür.